×

Xəbərlər

Xəbərlər 30 Nov 2017
ADNSU-nun rektoru Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.

Çin və Azərbaycan arasındakı təhsil və əməkdaşlıq əlaqələrinin müzakirə oldunduğu görüşdə ADNSU-da təhsil alan çinli tələbələr, onların universitetdə tədrisə cəlb edilməsi və digər məsələlər ətrafında söhbət aparılıb. Səfiri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı hazırda ADNSU-da təhsil alan çinli tələbələr haqqında səfirə məlumat verib. Universitetin 2000-ci ilə kimi 570 çinli mütəxəssis yetişdirdiyini deyən rektor, professor M.Babanlı hazırda ADNSU-da bakalavriatura üzrə 26, magistratura üzrə isə 22 çinli tələbənin təhsil aldığını qeyd edib. M.Babanlı onlardan 1 nəfərin 1-ci kursda, 2 nəfərin 2-ci kursda, 7 nəfərin 3-cü kursda, 14 nəfərin isə 4-cü kusrda təhsil aldığını deyib. ADNSU-nun çinli tələbələri gələcəkdə də qəbul etməyə hazır olduğunu, yeni tələbələrin cəlb edilməsi ilə bağlı bir sıra işlər görüldüyünü, onların təhsil və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə müasir standartlara uyğun yeni yataqxananın da istifadəyə veriləcəyini söyləyən rektor M.Babanlı laboratoriyaların qurulması və texnoloji sahələrdə Çinlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ölkəsinin hər zaman təhsil müəssisələri ilə əməkdaşlığa önəm verdiyini deyən səfir Vey Cinhua ADNSU ilə əməkdaşlıqdan razı qaldığını bildirib. Səfir Vey Cinhua neft və texnologiya sahəsində bir çox çinli kadrlar yetişdirən universitet olaraq ADNSU-ya hər zaman tələbatın olacağını vurğulayıb.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim edilib.

Sonra qonaq ADNSU-da “Tarix muzeyi” və “Lektoriya” ilə tanış olub. Səfir Vey Cinhua ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetini ziyarət edib, oradakı tədris prosesi ilə maraqlanıb.

 


Paylaş