×

Xəbərlər

Xəbərlər 08 Dec 2017
ADNSU-nun rektoru Peşəkar İdarəetmə Forumunun məruzəçiləri ilə görüşüb

Dekabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə keçiriləcək Peşəkar İdarəetmə Forumunun məruzəçiləri - “Technol” şirkətinin baş icraçı direktoru Murad Rəfiyev, “Akabe inşaat”ın maliyyə müdiri Vüqar Poladov, “Destec” Group MMC-nin baş icraçı direktoru Sakit Səmədov, “Tomstil” şirkətinin dizayner və sahibi Gülşən Mehdiyeva, “Bank of Baku”da Risklərin İdarəedilməsi Departamentinin direktoru Ülvi Yusifov və “Invex Team Innovations&Experimentations” şirkətinin baş icraçı direktoru Əlirza Kərimli ilə görüşüb.

Universitetdə görülən işlər, qarşıda duran vəzifələr, eləcə də qəbul statistikası, tədris prosesi, laboratoriyalar və startap layihələri haqqında qonaqlara ətraflı məlumat verən ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə elm, təhsil və innovasiyaların tətbiqinin əsas prioritetlərdən biri olduğunu deyib. ADNSU-nun texnologiyaların və  innovasiyaların təhsildə tətbiqi ilə sənayeyə ciddi töhfələr verməyə hədəfləndiyini deyən rektor, professor M.Babanlı bu istiqamətdə görülən işlərdən, tələbələr üçün yaradılan şəraitdən və əlavə modullaşmadan danışıb. Həmçinin, ADNSU-nun 2 ildə əldə etdiyi uğurlar və qəbul göstəricilərini şərh edən rektor, professor M.Babanlı universitetdə ingilis dilli ixtisaların tədrisini də xüsusi qeyd edib.

Görüşdə iştirak etməkdən məmnun olduqlarını deyən məruzəçilər idarə etdikləri şirkətlər haqqında ətraflı məlumat veriblər və ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər.

Görüşdə həmçinin tələbələrin müəssisələrdə təcrübəyə cəlb olunması, şirkətlərin ehtiyac duyduqları kadrların hazırlanması sahəsində birgə işlərin təşkili, gənclərin startap ideyalarına dəstək verilməsi və digər əhəmiyyətli məsələlər müzakirə olunub.


Paylaş