Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyevin həm sovet dönəmində həm də müstəqillik illərində Azərbaycan üçün misilsiz xidmətlər göstərdiyini deyən rektor M.Babanlı onun elm, təhsil, mədəniyyət sahələrinin inkişafına xüsusi diqqət göstərdiyini qeyd edib. Ulu öndərin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə yüzlərlə gəncin xaricə təhsil almağa göndərildiyini bildirən rektor, prof. M.Babanlı həmin gənclərin əksəriyyətinin hazırda Azərbaycanda müxtəlif sahələr üzrə yüksək vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb.
1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyət başına keçəndə Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu bildirən millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin parçalanmaq təhlükəsindən xilas olduğunu qeyd edib.
ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışıb, onun əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirib.