Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Azərbaycan Könüllülük Xidmətinin dəstəyi ilə “Könüllü ol” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqəqəlik sükutla yad etdikdən sonra ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxış edərək ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Könüllü olmağın vətənpərvərliyin əsas göstəricilərindən olduğunu qeyd edən dosent A.Babayev könüllülük fəaliyyətinin tələbələrə qazandırdığı təcrübə və biliklərdən bəhs edib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Məryəm Məcidova könüllülük fəaliyyətinin gənclərin həyatındakı rolundan danışıb, eyni zamanda öz şəxsi könüllülük fəaliyyəti haqqında məlumat verib.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Tural Abdullazadə “Könüllülük nədir?” və 5 dekabr- Beynəlxalq Könüllülük Günü haqqında məruzə ilə çıxış edib. “Bir” Tələbə-Könüllü Proqramının yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqqında tələbələrə ətraflı məlumat verən T.Abdullazadə beynəlxalq könüllülük proqramının üstünlükləri barədə də qısa məlumat verib.
Daha sonra ARGTMŞ-nin sədr müavini Aysun Zeynalova gənclərin beynəlxalq könüllülük proqramında iştirakı haqqında geniş video təqdimatla çıxış edib. Beynəlxalq könüllülüyün üstünlükləri, gənclər üçün yaratdığı fürsətlər və beynəlxalq əlaqələrin genişlənmə imkanlarından danışan A.Zeynalova beynəlxalq könüllülük proqramına qoşulma qaydalarını izah edib.
Tədbirin sonunda “İlin könüllüsü” mükafat müsabiqəsinin təqdimatı olub.
Sonda tələbələr arasında hədiyyəli viktorina keçirilib.