×

Xəbərlər

Xəbərlər 12 Dec 2017
ADNSU-nun rektoru CİSCO şirkətinin nümayəndələri ilə görüşüb

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı CİSCO şirkətinin Azərbaycan üzrə müdiri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının müdiri Alyona Domotenko ilə görüşüb.

Tərəflər arasında əlaqələrin və fəaliyyət istiqamətlərinin müzakirə olunduğu görüşdə CİSCO ilə əməkdaşlıq sayəsində ADNSU tələbələri arasından 10-dan çox mütəxəssisin hazırlandığı qeyd edilib.

CİSCO ilə əməkdaşlığa böyük önəm verdiyini deyən ADNSU-nun rektoru, professor M.Babanlı  uğurlu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Rektor M.Babanlı ADNSU-nun təsis etdiyi İT Academy haqda məlumat verərək tələbələrin İT sahəsinə olan marağını daha da artırmaq və onların CİSCO üzrə imtahanlarda iştirakını təmin etmək məqsədilə güzəştli kursların təşkil olunmasının əhəmiyyətini qeyd edib.

CİSCO üçün təhsilin və təhsil müəssisələri ilə əməkdaşlığın olduqca vacib məqam olduğunu deyən şirkətin Azərbaycan üzrə müdiri Ş.Şıxlinski ADNSU ilə geniş əməkdaşlığa hazır olduqlarını bildirib. O hazırda şəbəkələrin idarə olunmasının və kibertəhlükəsizliyin təmin edilməsinin əsas hədəflərdən olduğunu vurğulayıb.

İnformasiya texnologiyalarının sürətli inkişaf tempinə uyğun olaraq CİSCO-nun dayanmadan yenilənən hədəflərini qeyd edən MDB ölkələri üzrə şəbəkə akademiyasının müdiri A.Domotenko hazırda CİSCO-da tələbələr üçün bir sıra beynəlxalq konfransların keçirilidiyini də sözlərinə əlavə edib.


Paylaş