Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa-Amerika Biznes Məktəbinin fakültə direktoru Erin Monaghanla görüş keçirilib.
Görüşdə “Kompüter elmləri” və “Neft-qaz mühəndisliyi” və digər ixtisaslar üzrə ingilis dilində təhsil alan ADNSU və UFAZ tələbələri üçün “Mühəndislik idarəetməsində imkanlar və trendlər” mövzusunda ictimai mühazirə keçirilib. E.Monaghan tələbələrə iş yerlərində idarəetmə rolunu yerinə yetirən işçilərə vacib olan qeyri-texniki bacarıqların önəmindən bəhs edib.
Tələbələrə analitik, yaradıcı və təndiqidi düşüncənin fərqini izah edən E.Monaghan dinləmə, ozünüidarəetmə, bədən dili, rəftar və komanda işi kimi sosial bacarıqlar üzrə tələbələrlə söhbət aparıb. Həmçinin, tələbələrə CV yazma qaydaları, müsahibə zamanı özünü düzgün təqdimetmənin yolları və s. izah olunub.
Mühazirənin sonunda Monaghan “Komandada necə işləməmək?” adlı yumoristik video təqdim edib və tələbələri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, Erin Monaghanın təhsil və layihə idarəetməsi üzrə 10 ildən artıq təcrübəsi var. O karyerasına Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Dünya Federasiyasında başlayıb. Fransanın Lion şəhərinə köçməzdən əvvəl Mərakeş və Əlcəzairdə işləyib. Erin Monaghan Amerika Ticarət Palatası və Amerika mətbuatında işləyib, ABŞ-ın Seton Hol Universitetindən Beynəlxalq əlaqələr və Diplomatiya üzrə magistr dərəcəsi alıb.