Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) “Təhsilin fəlsəfəsi” kafedrasının müdiri, fəlsəfə elmləri namizədi Yelena Brızqalina ilə görüşüb. Görüşdə "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, professor Sakit Rəsulov da iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər barədə qonağa məlumat verib. Azİİ-nin (ADNSU) keçmiş SSRİ-də xarici ölkələr üçün mütəxəssis hazırlayan 3 əsas universitetdən biri olduğunu qeyd edən rektor M.Babanlı hazırda ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi sahənin inkişafı və digər sahələrdə böyük işlərin görüldüyünü bildirib.
ADNSU-da elmin inkişafına xüsusi önəm verildiyini bildirən rektor, prof. M.Babanlı son 2 ildə magistrant və doktorantların sayının bir neçə dəfə artdığını bildirib. Prof. Mustafa Babanlı “Web of science” informasiya bazasına daxil olan məqalələrin sayında da ciddi artımın olduğunu Yelena Brızqalinanın diqqətinə çatdırıb.
Səmimi qəbula görə, rektora minnətdarlığını bildirən MDU-nun “Təhsilin fəlsəfəsi” kafedrasının müdiri Yelena Brızqalina burada olmaqdan çox məmnun olduğunu və ADNSU ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşün tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə müxtəlif layihələrin həyata keçirilməsi haqqında razılıq əldə olunub.
Sonda ADNSU-nun rektoru Mustafa Babanlı qonağa xatirə hədiyyəsi təqdim edib.