Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin tələbələri ilə görüşüb. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və Əcnəbi tələbələrlə iş üzrə dekan, t.e.n. Yaşar Həsənov iştirak edib.
Poltava Milli Texniki Universitetinin tələbələrini ADNSU-da görməkdən məmnun olduğunu bildirən rektor, prof. M.Babanlı universitetdəki tədris prosesi, imtahanların keçirilmə qaydası, xarici universitetlərlə əlaqələr, əcnəbi tələbələr, Azərbaycan-Fransız Universiteti (UFAZ), universitetdə ingilis dilində tədris olunan ixtisaslar, magistratura və doktorantua pillərinə qəbul, “eazi START” Startap və İnnovasiya Mərkəzi haqqında tələbələrə məlumat verib. Rektor Mustafa Babanlı Poltava Milli Texniki Universiteti ilə əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Sonra rektor, professor M.Babanlı tələbələrin suallarını cavablandırıb.
Sonda Poltava Milli Texniki Universitetinin 5 nəfər tələbəsi ADNSU-da təcrübə keçdikləri üçün sertifikatla təltif olunublar.
Qeyd edək ki, iki ali məktəb arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ADNSU-da təcrübə keçən tələbələr bir həftə müddətində universitetin müxtəlif şöbə, kafedra, laboratoriyalarında olub, tədris prosesini yaxından izləyiblər.