Dekabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 98 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 616 vakansiya üzrə iş yerlərini təklif edib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə “Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə SOCAR, Azərsu ASC, Azərenerji, Azərişıq, Sumqayıt Texnologiyalar Parkı, SOCAR Polymer və digər dövlət və özəl şirkətlər iştirak edib. 2500-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.
Sərginin açılış mərasimində çıxışı zamanı ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə Məzun-Karyera sərgilərinin keçirilməsinin ənənə halı aldığını bildirib. Sərginin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor M.Babanlı universitet və şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin hər iki tərəfin inkişafı üçün əsas faktor hesab etdiyini deyib. Rektor M.Babanlı artıq 2 ildir ki, ADNSU-da Məzun-Karyera Mərkəzinin fəaliyyət göstərdiyini və Mərkəzin sərginin təşkili ilə yanaşı yuxarı kurs tələbələri üçün işə düzəlməklə bağlı üzləşə biləcəkləri məsələlərlə bağlı müntəzəm təlimlər təşkil etdiyini qeyd edib. Rektor həmçinin qeyd edib ki, universitetdə tədris olunan ixtisaslar praktiki yönümlü mühəndis ixtisasları olduğundan müəssisələrlə işin yüksək səviyyədə təşkili universitet üçün prioritet məsələlərdən biridir. İnkişaf edən Azərbaycan iqtisadiyyatı və sənayesinin tələbatlarına cavab verən peşəkar kadr hazırlığı üçün ali məktəb-müəssisə formatında əməkdaşlığın həlledici amillərdən biri olduğunu qeyd edən rektor ADNSU-nun beynəlxalq standartlara cavab verən universitet olmağı hədəflədiyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkənin ən qocaman ali təhsil müəssisələrindən birində bu cür sərginin keçirilməsinin önəmindən danışıb. Gənclər sahəsindəki fəaliyyəti genişləndirmək üçün bütün maddi-texniki imkanlarının olduğunu deyən nazir müavini yeganə tələbin ali təhsil müəssisələrinin və gənclərin bu kimi proqramlara maraq göstərməsi olduğunu vurğulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Surəddin Gözəlov müəssisələrin kadr hazırlığında ali təhsil müəssisələri ilə birgə işləmələrinin əhəmiyyətini qeyd edib. S.Gözəlov həmçinin bildirib ki, ali təhsil müəssisələrinin əmək bazarındakı mövqeyini möhkəmləndirmək üçün əsas şərtlərdən biri ali təhsil müəssisələri ilə iş dünyasının - istehsalat müəssisələrinin əlaqələrini gücləndirməkdir.
Açılış mərasimindən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin müavini Mətin Kərimli, Təhsil Nazirliyinin və Dövlət Məşğulluq Xidmətinin nümayəndələri şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət ediblər. Saat 10:00-dan başlayan sərgi 14:00-dək davam edib. Sərgi çərçivəsində bir neçə şirkətin nümayəndələri tərəfindən ADNSU-nun ayrı-ayrı auditoriyalarında tələbə və məzunlar üçün master-klaslar təşkil olunub.