Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Virciniya Dövlət Universitetinin keçmiş rektoru Keit T. Miller ilə görüşüb. Görüşdə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) müdiri Cəmilə İsmayılzadə və BƏŞ-in layihələr üzrə mütəxəssis Nərmin Həmidli iştirak edib.
Qonağı ADNSU-da görməkdən məmnun olduğunu bildirən rektor, professor Mustafa Babanlı universitetin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər barədə məlumat verib.
ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi, İntellektual Mülkiyyətin İdarəetmə Mərkəzi haqqında danışan rektor M.Babanlı həmçinin, universitetin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi üçün görülən işləri də Keit T. Millerin diqqətinə çatdırıb.
Virciniya Dövlət Universitetinin keçmiş rektoru Keit T. Miller dəvət üçün rektor prof. Mustafa Babanlıya təşəkkür edib və əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə çalışacağını qeyd edib.
Qeyd edək ki, dekabrın 20-də ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələr üçün Keit T. Miller tərəfindən “Uğurlu sahibkarlıq fəaliyyəti” mövzusunda təqdimat keçiriləcək.