Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Xalq artisti Alim Qasımovla görüş keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanın görkəmli muğam ifaçısını universitetdə görməkdən məmnunluq duyduğunu bildirib. Tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ili münasibətilə təbrik edən rektor, professor M.Babanlı ən xoş arzularını dilə gətirib.
ADNSU tələbələrinin A.Qasımov haqqında hazırladıqları videoçarxın nümayişindən sonra çıxış edən Xalq artisti Azərbaycanın zəngin təhsil ənənələrinə sahib, qocaman ali təhsil müəssisələrindən biri olan ADNSU-da olmaqdan fəxarət və sevinc hissi duyduğunu bildirib. ADNSU tələbələrilə görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını deyən muğam ifaçısı tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
Xalq artisti muğam parçaları ifa edib, muğam sənətinin incəliklərindən danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb. Alim Qasımov gənclərlə ünsiyyətdən məmnun olduğunu qeyd edib. Görkəmli muğam ifaçısına xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ifasında “Azərbaycan suitası”, “Şalı-şalı” rəqsləri təqdim olunub, tələbələr Nərgiz Umarova və Cəmilə Nəsirzadə musiqi nömrələri ilə çıxış ediblər.