Dekabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Vyetnam Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha və Vyetnam Dostluq Təşkilatları Birliyinin nümayəndəsi Nguyen Hoang Tu ilə görüşüb.
ADNSU-nun Avropa və Asiya regionunda ilk neft təmayüllü ali məktəb olduğunu deyən rektor M.Babanlı bu universitetdə Vyetnam da daxil olmaqla dünyanın hər bir guşəsindən tələbələrin təhsil aldığını qeyd edib. Azİİ ilə Vyetnam Sosialist Respublikası arasında hər zaman əlaqələrin sıx olduğunu deyən prof. M.Babanlı bu münasibətlərin daha da gücləndirilməli olduğunu bildirib.
İndiyədək Azİİ-də Vyetnam Sosialist Respublikası üçün yüzlərlə mütəxəssis hazırlandığını qeyd edən rektor M.Babanlı vyetnamlı tələbələrin yenidən universitetə cəlb edilməsi üçün birgə fəaliyyətin vacibliyini vurğulayıb.
Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha Azərbaycan və Vyetnam arasında dostluq münasibətlərinin qurulmasında bu universitetin də böyük xidmətlərinin olduğunu qeyd edib. Hazırda Vyetnamda yüzlərlə Azİİ məzunu olduğunu deyən Tran Dinh Nha onların əksəriyyətinin Vyetnamın özəl və dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını diqqətə çatdırıb. Vyetnamda Azİİ məzunlarını birləşdirən təşkilatın fəaliyyət göstərdiyini bildirən Tran Dinh Nha universitetlə əlaqələrin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.
Daha sonra qonaqlar ADNSU-nun tarix muzeyini ziyarət ediblər.