Yanvarın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) payız-qış imtahan sessiyasına start verilib.
UFAZ-ın I və II kurs üzrə təhsil alan 284 tələbəsi növbəti 2 həftə ərzində təşkil edilmiş imtahanlarda iştirak edəcəklər. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb, imtahanlar Strasburq Universitetinin qaydalarına müvafiq təşkil edilib. Strasburq Universitetinin tədris proqramına əsasən UFAZ-da qiymətləndirmə semester boyu 3 mərhələdən ibarət olub sonda yekun imtahanlarla tamamlanır.
İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib olunub. İmtahan nəticələri yoxlandıqdan sonra qərar vermək üçün Starsburq Universitetinin ekspertlərindən təşkil olunmuş münsiflər heyətinə təqdim olunacaq, daha sonra qiymətlər tələbələrə elan ediləcək.