Fevralın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Banqladeş Xalq Respublikasının rəsmi nümayəndə heyəti və SOCAR-AQŞ-nin nümayəndələri ilə görüş keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamladıqdan sonra universitetin Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov universitetin tarixi, fəxri məzunları, beynəlxalq əməkdaşlığı, banqladeşli tələbələr və eləcə də UFAZ haqqında video təqdimatla çıxış edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə hazırda 3 banqladeşli tələbənin təhsil aldığını bildirib. Rektor banqladeşli tələbələrin sayının artmasının və ADNSU ilə Banqladeşin aparıcı ali məktəbləri arasında tələbə mübadiləsinin, eləcə də təhsil əlaqələrinin genişlənməsi istiqamətində birgə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi, banqladeşli tələbələrin ADNSU-ya cəlb olunması, həmçinin SOCAR-AQŞ ilə Banqladeşin yeni layihələrinin həyata keçirilməsində ADNSU-da təhsil alan tələbələrin iştirakı məsələləri müzakirə olunub.
Tədbirin sonunda xatirə hədiyyələri təqdim edilib. Daha sonra nümayəndə heyəti ADNSU-nun Tarix muzeyində və laboratoriyalarında olublar.