×

Xəbərlər

Xəbərlər 19 Feb 2018
ADNSU-nun rektoru Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının medalı ilə təltif olunub

Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə, ADNSU HİK-in sədri Məzahir Babayev və universitetin professor-müəllim heyəti iştirak edib.

HİK sədri Məzahir Babayev çıxış edərək son illərdə universitetdə aparılan islahatlardan, həyata keçirilən layihələrdən danışıb. İşçilərin əmək, sosial, iqtisadi hüquqlarının və digər qanuni mənafelərinin müdafiəsi istiqamətində tədbirlərin həyata keçirildiyini qeyd edən M.Babayev professor-müəllim heyəti, elmi işçilər, tədris köməkçi heyət və təsərrüfat işçilərinin iş şəraitinin yaxşılaşdırılmasında, həmçinin universitetdə bir neçə istiqamət üzrə uğurlu islahatların həyata keçirilməsində rektor, prof. Mustafa Babanlının rolunu qeyd edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv-təşkilatı - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə tədbir iştirakçılarını qurumun sədri Səttar Mehbalıyevin adından salamlayıb. ATİAHİ-in fəaliyyəti haqqında məlumat verən M.Cəfərzadə ADNSU ilə əlaqələrə həmişə böyük önəm verildiyini söyləyib. ADNSU-da təhsilin keyfiyyətinin yüksəldiyi barədə məlumatları sevinclə qarşıladığını qeyd edən M.Cəfərzadə bu sahədəki xidmətlərinə görə rektor M.Babanlıya Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaradılmasının 25 illiyi münasibətilə təsis olunmuş medalı təqdim edib.

Rektor, professor Mustafa Babanlı ona göstərilən diqqətə görə təşəkkürünü ifadə edib, bu mükafatın onu daha əzmlə çalışmağa sövq edəcəyini bildirib. ADNSU kollektivinin sarsılmaz və möhkəm dəyərlərlə bir-birinə bağlı olduğunu söyləyən rektor M.Babanlı HİK-in bu işdə çox böyük rolu olduğunu diqqətə çatdırıb.


Paylaş