Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) strateji məsələlər üzrə prorektoru, dosent Vazeh Əskərov Mərakeş Krallığının Rabat şəhərində keçirilən İslam Dünyası Universitetləri Rəhbərlərinin VI Forumunda iştirak edib.
Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO tərəfindən təşkil olunub və 30-dan artıq ölkənin aparıcı universitetlərinin rektorları, prorektorları, həmçinin ali təhsil sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində dosent Vazeh Əskərov 24 iyun tarixində keçirilən “Rəqəmsal transformasiya: XXI əsr STEM təhsilinin yenidən qurulması” mövzusuna həsr olunmuş panel sessiyada çıxış edib. O, ADNSU-da həyata keçirilən rəqəmsal təhsil təşəbbüsləri, STEM yönümlü proqramların yenilənməsi, süni intellekt və digər qabaqcıl texnologiyaların tədrisə inteqrasiyası, eləcə də sənaye ilə əməkdaşlıq modelləri barədə iştirakçılara ətraflı məlumat verib. Çıxışında V.Əskərov, həmçinin universitet-sənaye əməkdaşlığı, rəqəmsal bacarıqların inkişafı və təhsil mühitində inklüzivliyin təmin olunması istiqamətində regional təcrübələrə də toxunub.
ADNSU-nun bu forumda təmsil olunması universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, qlobal akademik dialoqda fəal iştirakı və strateji inkişaf hədəflərinə sadiqliyini bir daha göstərir.