Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Code for Future" layihəsinin yekun tədbiri baş tutub. Layihə çərçivəsində gənclərə proqramlaşdırma, sistem inzibatçılığı və proqram təminatının test edilməsi sahələrində intensiv təlimlər təqdim edilib. Tədbirdə iştirakçılar əldə etdikləri bilik və bacarıqları təqdim edib, layihə boyu görülən işlər və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirdə çıxış edən ADNSU-nun Sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova layihənin iştirakçılar üçün əhəmiyyətindən danışaraq, bu cür təşəbbüslərin ölkədə İKT sahəsində ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin, İTİF-in dekanı Fərid Ağayev və layihənin rəhbəri Nəzrin Əliyeva "Code for Future" layihəsinin gedişatı və əldə olunan nəticələr barədə ətraflı məlumat veriblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub, seçilən layihələr nümayiş etdirilib və fərqlənən iştirakçılar mükafatlandırılıb.
Qeyd edək ki, "Code for Future" layihəsi gəncləri əmək bazarının tələblərinə uyğun praktiki bilik və bacarıqlarla təmin etməyi hədəfləyir. ADNSU-da keçirilən yekun tədbir layihənin uğurla tamamlandığını və gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyini göstərdi.