Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların seminarı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və doktorantlar iştirak edib.
ADNSU-nun Doktorantura şöbəsinin müdiri, texnika elmləri doktoru Lətafət Qardaşova iştirakçıları salamlayaraq seminar haqqında məlumat verib. Doktorantura sahəsində yeniliklərin müzakirə olunması üçün bu cür seminarların keçirilməsinin vacib olduğunu bildirən L.Qardaşova əsas məqsədin dissertasiya işlərinin elmi və texniki baxımdan hazırlanmasında doktorantlara dəstək olduğunu qeyd edib.
Daha sonra müxtəlif mövzular üzrə doktorantların çıxışı dinlənilib.
Rektor, prof. Mustafa Babanlı tədbirin əhəmiyyətini qeyd edərək doktorantların seminarının müntəzəm olaraq keçiriləcəyini vurğulayıb. Universitetdə elmi fəaliyyət üçün hər cür şəraitin olduğunu deyən rektor M.Babanlı ADNSU-nun böyük elm mərkəzi kimi inkişaf etdiyini bildirib.
Sonda Doktorantura şöbəsinin müdiri Lətafət Qardaşova bütün ADNSU doktorantları adından rektor, professor Mustafa Babanlını doğum günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.