Martın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) müəssisə rəhbərliyi ilə görüş keçirib.
ADNSU nümayəndələrini Neft Emalı Zavodunda görməyə məmnun olduğunu deyən zavodun baş direktoru Elman İsmayılov universitetlə olan əməkdaşlıq əlaqələrindən danışıb. Hazırda ADNSU-nun 200-ə yaxın tələbəsinin zavodda istehsalat təcrübəsi keçdiyini deyən Elman İsmayılov onların hazırlıq səviyyəsindən razı qaldığını ifadə edib. Neft Emalı Zavodunda ixtisaslı kadrlara ehtiyac duyulduğunu qeyd edən E.İsmayılov ADNSU ilə əlaqələr sayəsində müəssisənin peşəkar mütəxəssislərlə təmin ediləcəyinə inandığını bildirib.
Səmimi qəbula görə, Neft Emalı Zavodunun rəhbərliyinə minnətdarlığını bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbir iştirakçılarına universitet haqqında məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlardan danışan rektor Mustafa Babanlı son illərdə bakalavr, magistratura və doktorantura səviyyəsində həm kəmiyyət, həm də keyfiyyət baxımdan xeyli irəliləyişin olduğunu diqqətə çatdırıb. Rektor Mustafa Babanlı həmçinin, Azərbaycan-Fransız Universiteti, “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı, ingilisdilli ixtisaslar və s. haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.
Görüşdə Neft Emalı Zavodunda ehtiyac duyulan ixtisaslara uyğun ADNSU-da mütəxəssislərin hazırlanması üçün birgə əməkdaşlığın vacibliyi vurğulanıb. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsinə dair razılığa gəliblər.