Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyevlə görüşüb.
Qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə olunduğu görüşdə elmlə təcrübənin vəhdətinin və birgə əməkdaşlıq oluna biləcək sahələrdə işlər görülməsinin vacibliyi vurğulanıb. Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı elmi kadrların hazırlanmasında, buraxılış işlərinin mövzularının seçilməsində, istehsalat və elmin qarşılıqlı tətbiqində, həmçinin təcrübə mübadiləsində birgə işlər aparılmasının əhəmiyyətini vurğulayıb. Universitetdə həyata keçirilən islahatlardan, qəbul göstəricilərindən, startap layihələrindən və həmçinin müəssisələrlə əlaqələrdən danışan rektor, professor M.Babanlı sənaye trendləri olan sahələrdə fəaliyyət göstərən şirkətlərlə əlaqələr qurulmasının və təhsil kontentlərinin iqtisadiyyata yönəldilməsinin vacibliyinə toxunub.
Energetikadan tutmuş bir çox digər məsələlərdə, eyni zamanda birgə layihələrin hazırlanmasında ADNSU-ya hər zaman dəstək verilməsinə hazır olduqlarını deyən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev bunun üçün praktik imkanlar yaratmaq və mövcud imkanlardan faydalanmağın önəmindən danışıb.
Görüşdə birgə laboratoriyaların təşkil olunması, elmi və tədris mövzularının hazırlanması, elmi tədqiqatların işlənməsi, yeni layihələrə dəstək verilməsi və həmçinin digər istiqamətlərdə əməkdaşlıq oluna biləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.