Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin doktorantura səviyyəsində təhsil alan tələbələr və onların dissertasiya rəhbərləri ilə görüşüb.
Rektor, professor Mustafa Babanlı görüşün keçirilməsində məqsədin universitetin doktorantura səviyyəsində olan vəziyyəti və gələcək planları müzakirə etmək olduğunu bildirib. ADNSU-da doktorantura səviyyəsinə böyük diqqət ayrıldığını deyən rektor Mustafa Babanlı bəzi statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Doktoranturada təhsil alanların elmə marağını artırmaq üçün universitetin doktorantların layihələri üçün qrant ayırmağı planlaşdırdığını bildirən rektor M.Babanlı həmçinin, onların xaricdə elmi-tədqiqat işləri həyata keçirməsi üçün şərait yaradılacağını qeyd edib. Gələcəkdə doktoranturaya qəbulda müəyyən səviyyədə ingilis dilinin tələb olunacağını deyən rektor M.Babanlı həmçinin, dissertasiya mövzularının seçilməsi, kafedraların material-texniki bazasının yaxşılaşdırılması, bəzi ixtisasların akkreditasiyadan keçirilməsi və s. məsələlərə toxunub.
Sonda doktorantları maraqlandıran suallar cavablandırılıb.