Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elsevier” beynəlxalq elmi bazanın Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktoru Aliya Ospanova universitetin professor-müəllim heyəti üçün seminar keçib.
Seminarda iştirak edən ADNSU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, dosent Yunis Qəhrəmanov ADNSU alimlərinin fəaliyyətinin və onların elmi nəticələrinin dünya elmi ictimaiyyətinə tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Universitetin professorlarının hər il attestasiya imtahanından keçdiyini bildirən sədr məqalələrin beynəlxalq və yüksək reytinqli elmi jurnallarda dərc olunmasının nəticəyə böyük təsiri olduğunu bildirib.
Bazasında müxtəlif elmi sahələrə dair jurnallar olan “Elsevier”in səmərəli elmi-tədqiqat işləri üçün ən tanınmış və etibarlı informasiya resurslarını təklif etdiyini vurğulayan Mərkəzi Asiya və Azərbaycan üzrə regional direktor Aliya Ospanova “Elsevier”in “Science Direct” və digər xidmətləri və eyni zamanda ən böyük istinad bazası olan “Scopus” haqqında məlumat verib. Beynəlxalq elmi jurnallarda məqalə yerləşdirmək üçün tələb olunan standartlar haqqında dinləyicilərə məlumat verən direktor uğurlu məqalə yazmağın yolları haqqında da danışıb.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara sertifikat təqdim olunub.