Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Novruz bayramı münasibəti ilə universitetin 3 fakültəsində olub. Neft-mexanika (NMF), İnformasiya Texnologiyaları və İdarəetmə (İTİF) və Qaz-Neft Mədən (QNMF) fakültələrinin əməkdaşlarını Novruz bayramı münasibətilə təbrik edən rektor M.Babanlı onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
Novruz bayramının Azərbaycan xalqının özündə milli dəyərlərimizi birləşdirən ən qədim bayram olduğunu söyləyən rektor M.Babanlı, bu səbəbdən də baharın gəlişinin hər bir azərbaycanlı üçün xüsusi önəm kəsb etdiyini vurğulayıb. Fakültə əməkdaşlarına bayram təbriklərini çatdıran rektor daha sonra universitetdə görülən işlərdən, mövcud nöqsanlardan və qarşıda duran planlardan danışıb, son bir ildə universitetin qazandığı nailiyyətləri qeyd edib.
ADNSU-nun nüfuzunun ölkə miqyasında artmasını, bakalavriat, magistratura, eləcə də doktorantura səviyyəsində qəbul göstəricilərinin sürətli yüksəlişini, təhsil kontentinin yaxşılaşmasını, maddi-texniki bazanın yenilənməsini universitetin son dövrdə qazandığı nailiyyətlərin əyani sübutu kimi qiymətləndirən rektor M.Babanlı mövcud nöqsanların aradan qaldırılması istiqamətində də işlərin görülməsinin vacibliyinə toxunub.
ADNSU-nun fakültə dekanları və əməkdaşları bayram təbrikinə qoşularaq, onlara göstərilən diqqətə görə rektor M.Babanlıya təşəkkürlərini ifadə edib, universitetin nüfuzunun artması və qarşıya qoyulan hədəflərə dəstək verilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Sonda rektor M.Babanlı bir daha fakültə əməkdaşlarını Novruz mayramı münasibətilə təbrik edib. Ümumilikdə cari hesabat ilini qənaətbəxş hesab etdiyini söyləyən rektor M.Babanlı bununla kifayətlənməməyi və daha böyük hədəflərə doğru irəliləməyin əhəmiyyətini vurğulayıb.