×

Xəbərlər

Xəbərlər 16 Mar 2018
ADNSU-nun rektoru Novruz bayramı münasibətilə universitetin fakültə və şöbələrinin əməkdaşları ilə görüşüb

Martın 16-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Novruz bayramı münasibəti ilə universitetin fakültə və şöbələrində professor-müəllim heyəti və əməkdaşlarla görüşüb. ADNSU kollektivini Novruz bayramı münasibətilə təbrik edən rektor M.Babanlı onlara həyat və fəaliyyətlərində uğurlar arzulayıb.

Son illərdə müxtəlif istiqamətlərdə universitetin qazandığı nailiyyətləri qeyd edən rektor Mustafa Babanlı hazırda mövcud nöqsanların aradan qaldırılması istiqamətində görülməli olan işlər və gələcək planlardan danışıb.

Bakalavriat, magistratura, doktorantura səviyyəsində qəbul göstəricilərinin yüksəldiyini bildirən rektor M.Babanlı həmçinin, tədrisin keyfiyyətinin artırılması, beynəlxalq əməkdaşlığın inkişafı, universitetin maddi-texniki bazanın yaxşılaşdırılması və s. üçün bir çox tədbirlərin həyata keçirildiyini deyib.

Universitetin fakültə və şöbələrinin əməkdaşları onlara göstərilən diqqət və qayğıya görə rektor, professor Mustafa Babanlı başda olmaqla bütün universitet rəhbərliyinə təşəkkür edib və ADNSU-nun qarşıya qoyduğu hədəflərə çatması üçün bundan sonra da var gücləri ilə çalışacaqlarını bildiriblər.

Sonda rektor M.Babanlı ADNSU-nun bütün professor-müəllim heyəti və tələbələrini bir daha Novruz bayramı münasibətilə təbrik edərək gələcəkdə universitetin daha böyük uğurlara imza atacağına inandığını qeyd edib.


Paylaş