Aprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və onu müşaiyət edən nümayəndə heyəti ilə görüşüb.
ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, ixtisaslar, eləcə də Startap məktəbi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı ADNSU-nun Azərbaycanda texniki yönümlü təhsil verən ən köklü ali təhsil ocağı olduğunu vurğulayıb.
ADNSU-nun tarixən əcnəbi tələbələrin sayına görə seçilən ali məktəb olduğunu və bu gün də ənənəsinə sadiq qalaraq əcnəbi tələbələrin diqqət mərkəzində olduğunu qeyd edən rektor, professor M.Babanlı hazırda universitetdə 450-dən çox əcnəbi tələbənin təhsil aldığını deyib.
Universitetin beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıran rektor M.Babanlı xüsusən də Türkiyə ali təhsil müəssisələri və elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Dəvət üçün rektor M.Babanlıya təşəkkür edən İnönü Universitetinin rektoru prof. Dr. A.Kızılay rəhbərlik etdiyi universitet barədə məlumat verib və hazırda ali məktəbdə 250-dən çox azərbaycanlı tələbənin təhsil aldığını söyləyib. Əsas hədəflərinin ADNSU ilə qarşılıqlı mübadiləni genişləndirmək və birgə layihələr etmək olduğunu deyən prof. Dr. A.Kızılay ADNSU ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.
Görüşün davamı kimi Elmi Şura üzvləri qarşısında çıxış edən professor M.Babanlı və prof. Dr. Ahmet Kızılay birgə əməkdaşlığın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirib və bu sahədə fəaliyyəti genişləndirməyin əhəmiyyətini qeyd ediblər.
Tədbirdə İnönü Universiteti haqqında video təqdimat nümayiş olunub. Sonda tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb və qonaqlara xatirə hədiyyəsi təqdim edilib.
Daha sonra ADNSU-nun tarix muzeyi, laboratoriyaları və Startap məktəbində olan qonaqlar ADNSU-nun nəzdində fəaliyyət göstərən UFAZ-da olub, oradakı tədris prosesi və universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.