×

Xəbərlər

Xəbərlər 19 Apr 2018
“UPBA Bakı-2018”-in yarımillik konfransına start verilib

Aprelin 18-də Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) Bakı-2018 yarımillik konfransının ilk gecəsində Bakıya təşrif buyuran universitet rektorları ve digər qonaqlar “Fairmont” otelində bir araya gəliblər.

Açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov, UPBA-nın prezidenti Kaxa Şengeliya və UPBA-nın katibi Gerald Reisinger konfrans iştirakçıları qarşısında salamlama nitqi ilə çıxış ediblər.

Salamlama mərasimindən sonra görüş qeyri-rəsmi formada qonaqların ünsiyyəti və yeni əməkdaşlıqların müzakirəsi ilə davam edib.

Aprelin 19-da Bakıda Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransı işinə başlayacaq. Konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqların iştirakı nəzərdə tutulub.

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.


Paylaş