×

Xəbərlər

Xəbərlər 19 Apr 2018
Bakıda Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının konfransı işinə başlayıb

Aprelin 19-da Bakıda Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) ikigünlük “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransı işinə başlayıb.

Tədbirə ev sahibliyi edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı salamlama nitqi ilə çıxış edərək konfransda təhsilin gündəmində olan məsələlər, qarşıda duran problemlərin həlli yolları ətrafında müzakirələrin aparılacağını bildirib. O sürətlə qloballaşan dünyada inkişafla ayaqlaşa bilmək üçün təkcə bu günlə bağlı deyil, bilavasitə gələcək inkişafa hesablanmış addımların atılmasının zəruriliyini qeyd edib. Rektor M.Babanlı konfransın universitetlər arasında əməkdaşlığın genişlənməsinə və yeni əlaqələrin qurulmasına böyük töhfə verəcəyinə inandığını bildirib.

UPBA-nın prezidenti Kaxa Şengeliya “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransda iştirak edən universitet rektorlarını, Azərbaycan və Gürcüstanın təhsil sahəsinə rəhbərlik edən qonaqları salamlayaraq tədbirin məhsuldar və səmərəli olacağına əminliyini ifadə edib. K.Şengeliya konfransın müxtəlif ölkələrin və xalqların arasında elmi əməkdaşlığın inkişaf etdirilməsində və yeni əlaqələrin qurulmasında mühüm platforma olduğunu deyib.

Azərbaycan Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakıda keçirilən bu konfransın nəcib məqsədlərə xidmət etdiyini qeyd edib. Azərbaycanda təhsil strategiyasından danışan C.Bayramov qlobal trendlərin fonunda insan kapitalının inkişaf etdirilməsinin və çoxşaxəli əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edib. O, müasir qloballaşma dövründə həyatın müxtəlif sahələri kimi təhsil sferasının da çağırışlarla üzləşdiyini qeyd edərək konfransın çağırışlara qarşı mübarizəyə töhfə verəcəyini vurğulayıb. C.Bayramov konfransın Bakıda keçirilməsinin əhəmiyyətinə toxunaraq, layihənin ölkədə təhsillə yanaşı, biznes və digər sahələrə də müsbət töhfə verəcəyinə və cəmiyyət üçün məhsuldar olacağına ümid etdiyini deyib. 

Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli qonaqları salamladıqdan sonra təhsilin həyatın digər sahələrindən daha artıq dərəcədə əməkdaşlıq tələb edən sahə olduğunu deyib. Dünyanın bir sıra ölkələrinin və xalqlarının ali təhsil sahəsində nümayəndələrini bir araya gətirən konfransın əhəmiyyətli nəticələr verəcəyinə, müasir dünyanın çağırışlarına uyğun olaraq təhsildə yeni keyfiyyətlər və yeni imkanlar yaradacağına ümid etdiyini deyən Mixail Çxenkeli konfransın təcrübə mübadiləsi, əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də yeni elmi tədqiqatların aparılması üçün əlverişli platforma olduğunu bildirib.

Konfrans “Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat, təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi”, “Sosial məsuliyyət və bilik transferi”, “Universitet və sənaye əməkdaşlığı”, “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” kimi mövzularda müzakirələrlə davam edib.

Qeyd edək ki, konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka, Ukrayna və digər ölkələrdən olan 60-dək rektor və digər mötəbər qonaqlar iştirak edir.

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir. Birlik qeyri-hökumət təşkilatı olaraq Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında (ECOSOC) məsləhətçi hüququna malikdir.


Paylaş