Aprelin 19-da Bakıda işinə başlayan Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı ikigünlük konfransı davam edir.
Konfransda çıxış edən Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez tədbirdə iştirakdan məmnun olduğunu deyib. Azərbaycanı təhsil sahəsində etibarlı tərəfdaş kimi dəyərləndirən O.Buşez iki ölkə arasında ali təhsildə əməkdaşlıq olunan istiqamətlərdən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetindən (UFAZ) danışıb. UFAZ-ı iki ölkənin ali təhsil sahəsində ən unikal layihə kimi səciyyələndirən xanım səfir Azərbaycan tərəfindən ADNSU, Fransa tərəfindən isə Strasburq və Ren 1 Universitetləri arasında sıx əlaqələrin olduğunu vurğulayıb.
Sonra konfrans panel müzakirələrlə davam edib. Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Filip Turek təmsil etdiyi ali təhsil müəssisəsi haqqında iştirakçılara ətraflı məlumat verib. UFAZ-ın iki ölkənin təhsil sahəsində mühüm əhəmiyyətə malik unikal layihə olduğunu deyən F.Turek ali məktəbin məqsəd və perspektivlərindən danışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Fakültəsinin direktoru Anar Rzayev təmsil etdiyi ali məktəbdə təhsilin səviyyəsi haqqında danışaraq ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi və inkişafı üçün zəruri qaydaları sadalayıb. O tələbələrə komanda şəklində işləmək vərdişlərinin aşılanmasının gələcəkdə onların peşəkar fəaliyyətində uğur qazanması üçün əhəmiyyətli olduğunu vurğulayıb. “Microsoft Azerbaijan” şirkətinin Təhsil layihələri üzrə rəhbəri Emin Axundov, ADA Universitetindən dosent Gülməmməd Məmmədov ali təhsilin keyfiyyətinin artırılmasında innovasiyalar və zəruri tədbirlər haqqında fikirlərini bölüşüblər.
Konfransın birinci iş gününün sonunda Azərbaycan Respublikasında fəaliyyət göstərən universitetlərin təqdim etdiyi təhsil xidmətləri və nailiyyətlərini əks etdirən sərgi təşkil olunub.
Konfrans işinə aprelin 20-də davam edəcək.