Aprelin 20-də Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransda iştirak etmək üçün Azərbaycana gəlmiş Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitet və ali məktəbin xarici əlaqələri haqqında qonağa məlumat verib. Görüşdə Azərbaycanla Gürcüstanın digər sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlığı qeyd olunub, ADNSU ilə Gürcüstan universitetləri arasında mövcud əlaqələr və gələcək layihələr müzakirə edilib. Rektor M.Babanlı iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli Azərbaycanda olmaqdan məmnunluq duyduğunu və təhsil sahəsində bir sıra yeni layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. Nazir M.Çxenkeli elm və təhsilin inkişafının hər iki tərəfə mühüm töhfələr verəcəyini və əməkdaşlıq imkanlarının yenidən nəzərədən keçirilməsinin, həmçinin bu məqsədlə birgə qrup yaradılmasının vacibliyindən söz açıb.
Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib. Sonra qonaqlar ADNSU-nun Tarix muzeyində, Lazer mərkəzində olub, universitetin “eazi START” Startap və İnnovasiya Mərkəzinin CamTouch və Multivizor layihələri ilə tanış olublar.