×

Xəbərlər

Xəbərlər 23 Apr 2018
ADNSU ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında memorandum imzalanıb

Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek Ibraşev ilə görüşüb.

ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, tədris prosesi, tədris olunan ixtisasları, eləcə də Startap məktəbi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı Azərbaycanın texniki yönümlü kadr hazırlayan ən köklü ali təhsil ocağı olan ADNSU-nun keçmiş nüfuzunun bərpası istiqamətində genişmiqyaslı islahatlar aparıldığını deyib. Universitetdə gedən inkişafın fonunda keyfiyyətlə yanaşı kəmiyyətin də yüksəldiyini diqqətə çatdıran professor M.Babanlı hazırda universitetdə 500-ə yaxın əcnəbi tələbənin təhsil aldığını vurğulayıb. Rektor M.Babanlı Qazaxıstanı dost və qardaş ölkə hesab etdiyini və Qazaxıstan-Britaniya Texniki Universiteti ilə etibarlı tərəfdaş kimi uğurlu əməkdaşlığın olacağına inandığını bildirib.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru K.Ibraşev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, universitetdə aparılan elmi işlərdən və tədris prosesindən danışıb. Qazaxıstanlı gənclərin ADNSU-da təhsilə xüsusi marağı olduğunu qeyd edən K.Ibraşev mübadilə sahəsində həmçinin digər istiqamətlərdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətini qeyd edib.

Sonra tərəflər arasında Akademik mübadilə və tələbə mübadiləsinə dair memorandum imzalanıb və qonaqlara xatirə hədiyyəsi təqdim edilib.


Paylaş