×

Xəbərlər

Xəbərlər 24 Apr 2018
ADNSU-nun rektoru Xarkov Milli Texnik Universitetinin rektoru ilə görüşüb

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Xarkov Milli Texniki Universiteti “Xarkov Politexnik Universiteti”-nin rektoru Yevgeniy Sokol və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADNSU-nun tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, universitetdə fəaliyyət göstərən İT Akademiya və startap məktəbi haqqında qonaqlara geniş məlumat verən ADNSU-nun rektoru, professor M.Babanlı universitetin beynəlxalq miqyasda əməkdaşlıq etdiyi ali təhsil müəssisələrindən və həyata keçirilən birgə layihələrdən danışıb. Universitetdə keyfiyyətli tədrislə yanaşı, tələbələrin innovativ ideyalarının dəstəklənməsi məqsədilə yaradılan “eazi START” Startap və İnnovasiya Mərkəzinin olduğunu deyən rektor, professor M.Babanlı gənclərin startaplara cəlb olunmasının və müasir dünyanın tələbələrinə uyğun layihələrin hazırlanmasının universitetin priorietetlərindən olduğunu vurğulayıb.

Rəhbərlik etdiyi universitet haqqında məlumat verən Xarkov Milli Texniki Universiteti “Xarkov Politexnik Universiteti”-nin rektoru Y.Sokol ADNSU-nun neft və qaz sahəsində kadr hazırlığı təcrübəsini yüksək qiymətləndirdiyini və sənayenin digər sahələri üzrə ixtisaslaşan Xarkov Politexnik universiteti ilə birgə səylərin birləşdirilməsinin və bu istiqamətdə yeni əməkdaşlığın yaradılmasının əhəmiyyətini qeyd edib. Hazırda Türkiyə universitetləri ilə uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edən Y.Sokol ADNSU və digər Azərbaycan universitetləri ilə də əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.


Paylaş