Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın prezidenti, Akademik Akif Əlizadə ilə görüş keçirilib. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun, AMEA-nın həqiqi və müxbir üzvlərinin, ADNSU-nun professor-müəllim heyətinin iştirak etdiyi görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı salamlama nitqi ilə çıxış edib. Bir müddət öncə ölkədə keçirilən prezident seçkilərindən, xalqın ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyərək onu yenidən prezident seçməsindən, nazirlər kabinetinin yenilənməsi və yeni nazirlərin təyin olunmasından danışan rektor, professor M.Babanlı Ceyhun Bayramovu Təhsil naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın görkəmli elm xadimi, AMEA-nın prezidenti, Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadənin Azİİ-dəki təhsil illəri, elmi faəliyyəti və Azərbaycan elminə verdiyi töhfə haqqında məlumat verən rektor, professor M.Babanlı akademikin ADNSU-nun məzunu olmasından ali məktəbin hər bir müəllimi və əməkdaşının, eləcə də tələbələrinin böyük fərəh hissi keçirdiklərini qeyd edib. Akademik Akif Əlizadəni ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında əvəzsiz xidmətləri olan təşkilatçı, ensiklopedik təfəkkürə malik olan şəxsiyyət kimi səciyyələndirən rektor M.Babanlı ADNSU-da çalışan əməkdaşların, xüsusilə neftçi və geoloqların, eləcə də elmdə ilk addımlarını atan gənc alimlərin Akif Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib.
Dövlətçilik tarixinin mühüm bir vaxtında keçirilən bu görüşü yüksək qiymətləndirdiyini deyən Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov müasir dünya ölkələrinin qüdrətinin məhz elmi potensialı ilə müəyyən edildiyi bir vaxtda Azərbaycanda təhsilin inkişafı, elmi araşdırmaların dərinləşməsi, elm və təhsil əlaqələrinin genişlənməsi istiqamətində düşünülmüş dövlət siyasətinin həyata keçirildiyini bildirib. AMEA-nın ali təhsil müəssisələrinə açıq olmasında, təhsil proqramlarının hazırlanmasında, elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında, gənc alimlərin formalaşmasında və alim kimi yetişməsində Akif Əlizadənin böyük rol oynadığını vurğulayan C.Bayramov bu sahədə görülən bütün işləri elm və təhsil arasındakı inteqrasiyanın çox mühüm göstəricisi hesab etdiyini bildirib. Azərbaycanda texniki yönümlü ilk ali təhsil ocağı kimi bütün dünyada şöhrət qazanan ADNSU-nun son illər ərzində qazandığı nailiyyətləri qeyd edən Təhsil naziri C.Bayramov universitetdə gerçəkləşdirilən islahatları, tədrisin inkişafını, beynəlxalq əlaqələrin genişlənməsini, yüksək qəbul göstəricilərini və ali məktəbin elmi araşdırmalarının genişlənməsini xüsusi vurğulayıb. Təhsil naziri Ceyhun Bayramov ADNSU-nun fəxri məzunu, Azərbaycan elminin ağsaqqalı, akademik Akif Əlizadənin həyat yolunun tələbələr üçün örnək və məktəb olduğunu qeyd edərək bu kimi görüşlərin təşkilinin əhəmiyyətini vurğulayıb.
Daha sonra ADNSU-nun professoru, akademik Pərviz Məmmədov, ADNSU-nun nəzdindəki Neftin, qazın geotexnoloji problemləri və Kimya Elmi Tədqiqat İnstitunun direktoru, professor Elmira Ramazanova çıxış edərək AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Azərbaycan elminə verdiyi töhfədən danışıb, onun geologiya sahəsindəki faəliyyəti, tələbəlik illəri və elmi faəliyyəti haqqında xatirələrini bölüşüblər.
Təhsilə və elmə verilən qiymətin elmin gələcək inkişafına böyük töhfə olduğunu deyən AMEA-nın prezidenti, akademik A.Əlizadə ADNSU-dakı təhsil illərinin, bu divarlar arasında öyrəndiklərinin, müəllimlərinin onun həyatında xüsusi iz buraxdığını qeyd edərək onun haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirib. Təhsil və elm arasında vəhdət olmadan inkişafın mümkünsüz olduğunu deyən akademik A.Əlizadə hazırda ADNSU-da təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işləri məmnuniyyət hissi ilə müşahidə etdiyini vurğulayıb. AMEA-da həyata keçirilən yeniliklərdən danışan akademik Akif Əlizadə akademiyada magistraturanın yaradıldığını və burada təhsil alan 18 nəfər magistrantdan 17-nin doktoranturaya qəbul üçün müraciət etdiyini vurğulayıb.
Sonra rektor, professor Mustafa Babanlı Elmi Şuranın qərarı ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professor diplomunu təqdim edib. Rektor ADNSU-nun fəxri professoru adının ikinci dəfədir ki, təqdim olunduğunu bildirib. O ADNSU-nun ilk fəxri professor adını universitetin məzunu, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə təqdim olunduğunu qeyd edib. Rektor M.Babanlı ADNSU-nun Elmi Şurasının qərarı ilə akademik A.Əlizadə adına təqaüdün təsis olunduğunu elan edib və həmin təqaüdün 2018/2019-cu tədris ilindən başlayaraq hər il bir bakalavr və bir nəfər magistranta təqdim olunacağını sözlərinə əlavə edib.