Mayın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, profesor Mustafa Babanlı universitetə fəxri qonaq qismində dəvət olunmuş Fransanın “Total” şirkətinin təcrübəli mütəxəssisi, Total Professorlar Assosiasiyasının üzvü Jan Bera ilə görüşüb.
Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı əməkdaşlıqdan və əcnəbi universitetlərlə əlaqələrdən danışıb. Rektor M.Babanlı həmçinin qonağın universitet və tələbələr haqqında təəssüratlarını dinləyib.
Universitetdə seminar keçdiyi müddətdə tələbələrin hazırlıq səviyyəsindən və dərsə yanaşmalarından razı qaldığını deyən professor J.Bera tələbələrə praktiki vərdişlər aşılamağın vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Jan Bera ADNSU-nun Qaz-neft mədən fakültəsinin və Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün seminarlar keçib. Fransalı professor aprelin 30-dan mayın 5-nə kimi ADNSU-da seminarlar keçəcək.