×

Xəbərlər

Xəbərlər 19 May 2018
ADNSU-da IV Məzun-Karyera Sərgisi keçirilib

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 78 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 562 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, KCA Deutag və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

Açılış mərasimindəki çıxışı zamanı universitetdə Məzun-Karyera sərgilərinin keçirilməsinin ənənə halı aldığını bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərginin universitet və tələbələr üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Universitet və şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində bu cür sərgilərin mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor M.Babanlı Məzun-Karyera Mərkəzinin sərginin təşkili ilə yanaşı yuxarı kurs tələbələri üçün müntəzəm təlimlər təşkil etdiyini qeyd edib.

Ölkənin iqtisadiyyatı və sənayesinin tələblərinə cavab verən peşəkar kadr hazırlığının universitetin əsas məqsədlərindən biri olduğunu qeyd edən rektor, prof. M.Babanlı ADNSU-nun gələcəkdə beynəlxalq standartlara cavab verən ali məktəb olmağı hədəflədiyini bildirib.

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı şirkətlərin stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə vakansiyalar barədə söhbət ediblər. Tədbirdə Məzun-Karyera Mərkəzinin təlimlərində aktiv iştirak edən bir neçə tələbəyə sertifikatlar təqdim olunub.

Saat 10:00-dan başlayan sərgi 13:00-dək davam edib.


Paylaş