Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) 25 və 26 may tarixlərində keçiriləcək beynəlxalq ActInSpace müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, “Bakcell”in baş icraçı direktoru Nikolay Bekers, “IT Step Academy”nin direktoru Aleksey Sleptsov, “AIKON Construction”ın maliyyə direktoru Nadir Əliyev, fransalı ekspert Jan-Mark Planeix, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katib Şarlotta Payen və media nümayəndələri iştirak edib.
Tədbir iştirakçılarına müsabiqə haqqında ətraflı məlumat verən səfir O.Buşez “ActInSpace” müsabiqəsinin ilk dəfə 2014-cü ilin may ayında CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi) tərəfindən Fransada keçirildiyini bildirib. Hazırda müsabiqənin beynəlxalq vüsət aldığını deyən xanım səfir Azərbaycanda ilk dəfə baş tutan yarışa UFAZ-ın ev sahibliyi edəcəyini və müsabiqənin eyni vaxtda dünyanın beş qitəsinin 40 ölkəsində və 70 şəhərində keçiriləcəyini vurğulayıb.
“IT Step Academy"nin baş direktoru Aleksey Sleptsov öz çıxışında müsabiqədə iştirak etməkdən məmnunluğunu ifadə edib və gənclərin mobil startap layihələrində maraqlı olduqlarını bildirib. A.Sleptsov startap ideyalarına dəstək verilmədən inkişafa nail olmağın mümkünsüz olduğunu sözlərinə əlavə edib.
Daha sonra münsiflər heyətinin digər üzvləri - “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers və “AIKON Construction”ın maliyyə direktoru Nadir Əliyev də öz çıxışlarında müsabiqənin əhəmiyyətindən danışıb və Azərbaycan komandasına uğurlar arzulayıblar.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, UFAZ 25 və 26 may tarixlərində CNES, ESA və ESA BIC Sud France təşkilatlarının birbaşa iştirakı ilə kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan ActInSpace beynəlxalq müsabiqəsinə ev sahibliyi edəcək. Artıq müxtəlif universitetlərdən ümumilikdə 105 tələbə bu unikal yarışmada iştirak etmək üçün qeydiyyatdan keçib. Qalib komanda iyunun 27-i Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluz şəhərinə göndəriləcək.