ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev və universitetin dosenti Elnur Xəlilov mayın 21-24-də Xəzər Universitetinində keçirilmiş “Riyazi fizikanın operatorları, funksiyaları və sistemləri” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. Professor Araz Əliyev eyni zamanda konfransın Azərbaycandan Beynəlxalq Təşkilat Komitəsinin 6 üzvündən biri olub.
Xəzər Universitetinin Riyaziyyat departamentinin təşkilatçılığı ilə keçirilən Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, ABŞ, İsveç və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələrindən ibarət Beynəlxalq Təşkilat Komitəsinin rəhbərliyi ilə keçirilən konfrans Ümumi operatorlar və spektral nəzəriyyə; Riyazi fizikanın xüsusi törəməli tənliklərinin analizi; Diferensial operatorların spektral nəzəriyyəsi; Riyazi fizikanın məsələlərində bazislər, freimlər və aproksimantlar; Klassik və kvant inteqrallanan modellər; Sim və kvant sahə nəzəriyyəsi; Xüsusi funksiyalar; Səpilmə nəzəriyyəsi; Tərs məsələlər kimi mövzuları əhatə edib.
Konfransda Azərbaycan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Almaniya, Fransa, İspaniya, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya, ABŞ, İtaliya, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri və İsveçdən olan 70-ə yaxın görkəmli alim, aparıcı mütəxəssis və tədqiqatçılar iştirak edib.
Konfrans 4 gün ərzində 4 bölmədə işini davam etdirdi. 70-dək məruzə dinlənilib, müzakirələr aparılaraq, suallar cavablandırılıb. ADNSU-nun əməkdaşları professor Araz Əliyev konfransın plenar iclasında, dosent Elnur Xəlilov isə “Riyazi fizikada kompleks və funksional analiz metodları” bölməsində maraqlı məruzələr etmişlər.
Mayın 22-də konfrans çərçivəsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının (İsayev) 70 illik yubileyinə həsr olunmuş xüsusi sessiya keçirilib. Mayın 24-də konfransın bağlanış mərasimində tədbirin səmərəli keçdiyi, onun alimlərin bir-birinin yeni elmi tədqiqatları və nəticələri ilə tanış olmaları üçün şərait yaratdığı qeyd olunub və belə konfransların daha sıx-sıx və mütəmadi təşkil olunmasının zəruriliyi vurğulanıb.