İyunun 5-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Məqsəd əqli mülkiyyət hüquqlarının qorunma səviyyəsinin yüksəldilməsinə nail olmaq, bu sahədə müasir hüquqi bazanın və onun işlək olmasını təmin edən mexanizmlərə yaradılmasında digər ölkələrin təcrübəsindən yararlanmaqdır.
Konfrans iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olubar. Sərgidə 21 startap layihəsi nümayiş olunub ki, onlardan 16-sı yeddi yerli universitet, ikisi özəl şirkət, 3-ü isə Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı tərəfindən təqdim edilib. Bunlar sırasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “eazi START” yaratdığı və bir çox əlifbalardan istifadə edən kompüter istifadəçiləri üçün rahatlıq yaradan qurğu – Smart keyboard layihəsi də nümayiş olunub.
Panel və sessiyalarla davam etdirilən konfransda müxtəlif mövzularda təqdimatlar olub, xarici ölkələrindən gələn ekspertlərin məruzələri dinlənilib.