×

Xəbərlər

Xəbərlər 14 Jun 2018
ADNSU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, millət vəkilləri Eldar İbrahimov, Hüseynbala Mirələmov, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyub, onun xatirəsini ehtiramla yad ediblər.

Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı 15 iyun Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət quruculuğu prosesinin başlanmasından, həmin dönəmdə ölkəni vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edərək müstəqilliyi təmin etməsindən danışıb. Azərbaycanın müstəqillik qazanması və dünyada tanınması istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayan rektor M.Babanlı bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən millət vəkili Eldar İbrahimov həmin dövrün bilavasitə şahidi olduğu hadisələrindən və siyasi çəkişmələrindən söz açıb.  Belə bir çətin vaxtda Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtardığını deyən E.İbrahimov onun müstəsna xidmətləri nəticəsində xalqın və ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxdığını, müstəqilliyimizin qorunub möhkəmləndiyini, dövlətimizin bütün sahələrdə uğur qazandığını vurğulayıb.

ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov da öz çıxışında ulu öndər Heydər Əliyevin xalq və millət uğrunda gördüyü işlərdən, onun siyasi strategiyasından danışıb. Millət vəkili Azərbaycanın məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müstəqillik qazandığını, onun layiqli davamçısı prezident İlham Əliyevin sayəsində isə bu müstəqilliyi qoruyub saxlamağı bacardığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı günü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd edilir.


Paylaş