İyunun 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali məktəbin keçmiş məzunları ilə görüş keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, dövlət və ictimaiyyət nümayəndələri, ADNSU-nun keçmiş məzunları və media nümayəndələri iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları salamlayaraq 2017/2018-ci tədris ilinin nəticələri ilə bağlı hesabatla çıxış edib. ADNSU-da tələbələrin tədris göstəriciləri haqqında məlumat verən rektor M.Babanlı, eyni zamanda Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin imtahan nəticələri, elmi sahədə görülmüş işlər, beynəlxalq əlaqələr, startap mərkəzinin fəaliyyəti, il ərzində keçirilən tədbirlər, dövlət və özəl müəssisələrlə əməkdaşlıq və həyata keçirilən digər islahatlarla bağlı hesabatı qonaqların diqqətinə çatdırıb. Ötən illə müqayisədə bu il həm bakalavr, həm də magistartura səviyyəsində qəbulun daha yüksək olduğunu qeyd edən rektor M.Babanlı həmin tələbələrin tədris göstəricilərinin və imtahan qiymətlərinin də yüksək olduğunu vurğulayıb. Rektor universitetdə aparılan islahatların və şəffaf təhsil mühitinin formalaşmasının gənclərə geniş imkanlar yaratdığını bildirib.
Görüşdə çıxış edən ADNSU məzunları, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov, Beynəlxalq dərəcəli hakim, idman ustası, polis polkovnik-leytenantı Hicran Şərifov və digər qonaqlar Azİİ-dəki tələbəlik illərini, müəllimlərini yad ediblər. Ali məktəbdə aparılan islahatları yaxından izlədiklərini qeyd edən keçmiş məzunlar buna görə, ADNSU rektoru, professor Mustafa Babanlıya öz təşəkkürlərini bildiriblər.
Tədbir universitetin həyətində təşkil olunmuş konsert proqramı ilə davam etdirilib.