Sentyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Geoloji-kəşfiyyat fakültəsinin (GKF) birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə (TGT) iştirak edib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru A.Babayev tələbə adını qazanan gəncləri təbrik edib və təhsildə uğurlar arzulayıb. Tələbələri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edən prorektor A.Babayev universitetdə gənclərin yüksək səviyyədə təhsil alması üçün universitetdə aparılan işlərdən danışıb.
Daha sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri N.Gəncəyev ADNSU-nun tanınmış məzunları, tarixi və ixtisaslar haqqında gənclərə geniş məlumat verib. Universitetdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar” klubu, Debat və İdman klubları haqqında çıxış edib. Həmçinin universitetin 12 idman növü üzrə (futbol, basketbol, voleybol, stolüstü tennis, güləş, cüdo, üzgüçülük, şahmat, dama və s.) idman klublarının fəaliyyət göstərdiyini qeyd edən N.Gəncəyev tələbələri universitetin ictimai həyatında fəal iştiraka və burada fəaliyyət göstərən dərnəklərə qoşulmağa çağırıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.