Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə növbəti görüş keçirilib. Əmək bazarı məlumatlarının konkret ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması üçün metodologiyanın işlənib hazırlanmasına dair görüşdə layihənin Rezident Tvinninq Müşaviri, Fransanın Pedaqoji Tədqiqatlar Mərkəzinin əməkdaşı Liza Bydanova, litvalı nümayəndə, Litva prezidentinin təhsil üzrə müşaviri ekspert, xanım Saule Macuikiaite-Zviniene, latviyalı ekspert, xanım Jolanta Silka, həmçinin fransalı eskpert Didier Ronze iştirak ediblər. Tədbirdə layihə haqqında ümumi məlumat verildikdən sonra universitetlərin əmək bazarı ilə daha sıx əməkdaşlığı və bu istiqamətdə bir çox məsələlər müzakirə olunub.
Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Fransa, Litva, Latviyadan olan müvafiq təhsil qurumlarının və Azərbaycanın Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi 2018-ci ilin aprel ayında başlanıb və iki il davam edəcək. Layihənin başlıca məqsədi Azərbaycan ali təhsil sistemini kompetensiyalara əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdir.