Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Misir Neft Araşdırma İnstitutunun direktoru, professor Əhməd M.Əl-Sabahi və Misirin ölkəmizədki səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi ilə görüşüb.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-nun tarixi, tədris prosesi, elmi araşdırmaları və beynəlxlq əlaqələri haqqında qonaqlara ətraflı məlumat verib. Universitetdə əcnəbi tələbələrin və professorların cəlb olunması istiqamətində işlərin aparıldığını qeyd edən rektor M.Babanlı bu il UFAZ da daxil olmaqla universitetə 40-a yaxın əcnəbi professorun cəlb olunmasının nəzərdə tutulduğunu bildirib.
Universitetdə olmaqdan fəxr hissi keçirdiyini deyən Misir Neft Araşdırma İnstitutunun direktoru, professor Ə.M.Əl-Sabahi təmsil etdiyi institut haqqında geniş məlumat verib. ADNSU ilə müştərək layihələrin həyata keçirilməsi və yeni tərəfdaşlıq layihələrinin hazırlanmasında maraqlı olduqlarını deyən qonaq, universitetlə əməkdaşlığa dair memorandum imzalanmasının əhəmiyyətinə toxunub.
Daha sonra tərəflər arasında elmi, praktiki və digər istiqamətlərədə görülə biləcək müştərək layihələr haqqında müzakirələr aparılıb.