×

Xəbərlər

Xəbərlər 11 Oct 2018
ADNSU-nun Neft-mexanika fakültəsində “Weir Oil and Gas” şirkətinin baş direktoru ilə görüş keçirilib

Oktyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində “Weir Oil and Gas” şirkətinin baş direktoru Altug Bilgic və şirkətinin İnsan resursları üzrə meneceri Nigar Əsədova ilə görüş keçirilib. Görüşdə Neft-mexanika fakültəsinin (NMF) dekanı, dosent Əli Hikmət Əhmədov, fakültənin Elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, “Neft-qaz istehsalı” kafedrasının müdiri, v.m.ə.e. Cəmaləddin Aslanov və “Maşınqayırma və materialşünaslıq” kafedrasının müdiri, dosent Tahir Cabbarov iştirak edib.

Qonaqlara universitetdə həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verən dosent Əli Hikmət Əhmədov ADNSU-nun 100-dən artıq müəssisə ilə əməkdaşlığı çərçivəsində tələbələr üçün təşkil olunan istehsalat təcrübəsi, gündəlik təcrübə proqramı və s. haqqında danışıb. Görüşdə tələbələrin “Weir Oil and Gas” şirkətində təcrübə keçməsi, işə cəlb olunması, həmçinin laboratoriya və məşğələ dərslərinin müəssisələrdə keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonda tərəflər arasında birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, 150 illik tarixə malik “The Weir Group” neft-qaz sənayesi üçün neft-qaz avadanlıqlarının istehsalı və onların servis xidməti ilə məşğul olur. 2008-ci ildən qurumun rəsmi təmsilçisi kimi Azərbaycanda fəaliyyətə başlayan “Weir Oil and Gas” şirkətinin 2015-ci ildə müasir avadanlıqlarla təchiz olunan böyük istehsal müəssisəsi açılıb. Hazırda yerli bazarın təlabatının 80%-ni təmin edən “Weir Oil and Gas” şirkəti “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində təmsil olunur.


Paylaş