Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru , professor Kristian Tietyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor Mustafa Babanlı ali məktəbin tarixi, tədris prosesi, fakültələr, beynəlxalq əlaqələr, startap layihələri, əcnəbi tələbələr, HPC mərkəzi və ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. Almaniya universitetləri ilə əlaqələrdən, mübadilə proqramlarından danışan rektor M.Babanlı mövcud əlaqələrin inkişaf etdirilməsi, həmçinin tələbə və professor mübadiləsi sahəsində eləcə də tədrisdə yeni texnologiyaların tətbiq olunması istiqamətində əməkdaşlığın əhəmiyyətinə toxunub.
Təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən rektor K.Tietye tələbə mübadiləsi və professorların cəlb olunması sahəsində ADNSU ilə əməlkdaşlıqda maraqlı olduğunu qeyd edib. Almaniya ilə mövcud olan mübadilə proqramları çərçivəsində iki universitet arasında əməkdaşlığa başlanmasını zəruri hesab etdiyini deyən K.Tietye bu əməkdaşlığın daha geniş müstəviyə keçməsi üçün əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə inandığını bildirib.
Görüşdə müxtəlif istiqamətlərdə əməkdaşlıq oluna biləcək məsələlər ətrafında müzakirələr aparılıb.