Oktyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Almaniya, Peru və Cənubi Afrika Respublikasından (CAR) olan ADNSU (keçmiş Azİİ) məzunları ilə görüşüb.
Qonaqları salamladıqdan sonra rektor M.Babanlı universitetdə görülən işlər, aparılan islahatlar, yeni tədris metodları və qarşıda duran layihələr haqqında məlumat verib. Beynəlxalq əlaqələrin ADNSU üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor ADNSU-ya əcnəbi tələbələrin cəlb edilməsi və qarşılıqlı mübadilə sahəsində əlaqələri genişləndirməyin əhəmiyyətnə toxunub.
Təmsil etdikləri ölkələrdə ADNSU-da tədris olunan ixtisaslara böyük maraq olduğunu deyən qonaqlar neft və qaz sahəsində universitetin tətbiq etdiyi yeni metodları bəyəndiklərini bildirib. İxtisaslı kadr çatışmazlığı olan Peru və CAR-da məhz bu sahələrdə ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib və bu sahədə əllərindən gələn dəstəyi göstərəcəklərini bildirib.
Sonda daha geniş çərçivədə əməkdaşlığın inkişafı üçün rəhbərlik səviyyəsində danışıqlar aparılması məsələsi müzakirə olunub.