Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl universitetin “Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, professor Ələkbər Həsənovu və Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənovu 70 illik, Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədovu isə 60 illik yubileyi münasibətilə təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2017/2018-ci tədris ilinə planlaşdırılmış akademik yükün yerinə yetirilməsi və 2018/2019-cu tədris ilinə professor-müəllim və tədris-köməkçi heyətin ştatı barədə Elmi Şura üzvlərinə geniş məlumat verib.
Sonra İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərovun 2017/2018-ci tədris ilində ADNSU tələbələrinin istehsalat təcrübələri haqqında hesabatı dinlənilib.
Elmi Şurada Əcnəbi tələbələrlə iş üzrə dekan, t.e.n. Yaşar Həsənov Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti barədə məlumat verib. İclasda həmçinin Geoloji-kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev illik hesabat verib.
İclasda akademik Yusif Məmmədəliyev adına təqaüdün təsis edilməsi, 2018-ci il buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiələrinin nəticələrinin təhlili, ADNSU-da startapın vəziyyəti, nizam-intizam və s. məsələlər müzakirə olunub.