×

Xəbərlər

Xəbərlər 12 Nov 2018
ADNSU-da Konstitusiya Günü ilə bağlı tədbir keçirilib

Noyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

Universitetin prorektorlarının, professor və müəllim heyətinin, eləcə də tələbələrin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və Konstitusiyanın qəbul olunmasının əhəmiyyətindən danışıb.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov Konstitusiyanın qəbul olunma tarixindən və onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açıb. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının referendum yolu ilə qəbul olunduğunu qeyd edən prorektor, dosent Q.Məmmədov ali hüquqi qüvvəyə malik Konstitusiyanın Azərbaycanın sayca 4-cü Konstitusiyası olduğunu vurğulayıb.

İctimai-siyasi həyatda konstitusiyanın həlledici rolundan danışan ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev çıxışında ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, həmçinin Konstitusiyaya edilən əlavə və dəyişikliklərdən söz açıb.

ADNSU-nun Azərbaycan dili kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edən filologiya elmləri doktoru, professor Rüstəm Kamal 12 noyabr tarixini Azərbaycan xalqının tarixində xüsusi gün kimi xarakterizə edərək, Konstitusiyadan irəli gələn hüquq və azadlıqlardan, həmçinin Azərbaycan dilinin Konstitusiyadakı yerindən və önəmindən danışıb.


Paylaş