×

Xəbərlər

Xəbərlər 21 Nov 2018
UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim olunub

Noyabrın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) birinci kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, Strasburq Universitetinin UFAZ üzrə elmi ekspertləri Filip Turek və Jan-Mark Planeks iştirak edib.

Təqdimatdan əvvəl qonaqlara UFAZ-ın Geofizika fakültəsinin 3-cü kurs tələbələri Rəşad Nağıyev və Günay Nəcəfzadənin Strasburqda Yay Məktəbi zamanı çəkdikləri fotolardan ibarət sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və baş katib Şarlot Payen qonaqları salamlayaraq tədbirin proqramı haqqında onlara məlumat veriblər.

Tədbirin davamında çıxış edən səfir Orelia Buşez UFAZ-da təhsil alan tələbələrin həm Strasburq Universitetinin, həm də ADNSU-nun tələbələri olduqlarını vurğulayıb. ADNSU-nun rektoru, professor M.Babanlı isə öz çıxışında Azərbaycan və Fransa rəhbərlərinin UFAZ-ın inkişafı üçün göstərdiyi dəstəyin əhəmiyyətindən bəhs edib.

Daha sonra UFAZ tələbələrinə Strasburq Universitetinin tələbə biletləri təqdim edilib.

Sonda UFAZ tələbələri musiqi nömrələri ilə çıxış edib.

Tələbə biletləri verilən 152 nəfərlə birlikdə artıq UFAZ-da təhsil alanların sayı 412 nəfərə çatıb.


Paylaş