Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni elmi tədris laboratoriya binasında kimya, fizika və kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələr üçün ilk dərslərə start verilib.
Yeni laboratoriya binasında ilk dərslərini keçən 20 nəfər tələbə və Fransadan dəvət olunmuş müəllimlər Claudia Cogné and Agnès Gorczyca ilə görüşən ADNSU-nun rektoru, professor Mustafa Babanlı onların hər birinə uğurlar arzu edib.
Qeyd edək ki, laboratoriyalara avadanlıqların alınması və quraşdırılması tamamilə Strasburq Universitetinin standartları əsasında aparılıb. Belə ki, istər binanın əsaslı təmiri, istərsə də laboratoriyalarda avadanlıqların quraşdırılmasına Strasburq Universitetindən gəlmiş mühəndislər, elmi ekspertlər və digər məsul şəxlər nəzarət edib.
ADNSU-nun ikinci tədris binasında yerləşən 2500 kv/m-lik ərazini əhatə edən elmi tədris binasında 3 kimya, 4 fizika və 2 kompüter laboratoriyası və ofis otaqları mövcuddur.