×

Xəbərlər

Xəbərlər 13 Dec 2018
AMEA-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb.

AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən tanınmış alimlər də iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları I Fəxri Xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi Azərbaycan elmində xüsusi xidməti olan alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib. AMEA rəhbəri görkəmli alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çoxsaylı qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. Akif Əlizadə akademik A.Mirzəcanzadənin rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlandığını vurğulayıb.

Sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva çıxış edərək dünya şöhrətli alim A.Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb. M.Vəliyeva çıxışında son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadənin pedaqoji fəaliyyətlə məşğul olduğunu, onun yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etdiyini və ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etdiyini vurğulayıb.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək cari ilin sentyabr ayında SOCAR-da akademik A.Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. X.Yusifzadə görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş akademik Azad Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir

Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək fəaliyyətinin böyük hissəsini bu universitetlə bağlayan akademik Azad Mirzəcanzadənin hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olduğunu qeyd edib. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı, həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib. Professor M.Babanlı bu günlərdə ADNSU-da keçirilən tələbələrin 67-ci elmi-texniki konfransının akademik Azad Mirzəcanzadəyə həsr edildiyini bildirib. O, universitetdə hər il mərhum alimin adına təqaüdlərin təsis edilərək təhsildə və tələbə elmi cəmiyyətinin işində böyük uğurlar qazanmış iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdırıb. Həmçinin akademikin iş otağının muzey kimi fəaliyyət göstərdiyini bildirib.

Konfransda Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaşdırılması və neftçıxarmanın artırılmasının innovativ texnologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər.

Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olunub.

Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər.

Tədbir plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib.

Beynəlxalq konfransa dekabrın 14-də yekun vurulacaq.


Paylaş